“Visa kartları ilə ödəniş qazandırır!” adlı tirajlı stimullaşdırıcı lotereya
Geniş əhali təbəqəsinin ödəniş kartlarından istifadəyə stimullaşdırılması, cəmiyyətdə nağdsız ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması məqsədilə Mərkəzi Bank Visa Beynəlxalq Xidmət Assosiasiyasının dəstəyi ilə 1 mart 2020-ci il tarixindən başlayaraq geniş əhali təbəqəsini əhatə edən 2 aylıq “Visa kartları ilə ödəniş qazandırır!” adlı stimullaşdırıcı lotereya keçirəcək. İki tiraj üzrə keçiriləcək stimullaşdırıcı lotereyada Azərbaycan bankları tərəfindən emissiya edilmiş “Visa” brendli ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində (mağaza, restoran və s.) quraşdırılmış POS-terminallarda minimum 5 (beş) manat məbləğində nağdsız əməliyyat aparan kart istifadəçiləri avtomatik olaraq kampaniyada iştirak hüququ əldə edəcəklər. Lotereyanın uduş məbləği 100 (bir yüz) manat məbləğində kart sahibinin bank hesabına daxil edilərək “cashback” şəklində təqdim olunacaq. Bu barədə müştərilər kart hesabına xidmət edən bank tərəfindən məlumatlandırılacaq.